Gözəl Bakı, qədrini yetərincə bilirikmi?
Shervinİyun 24, 2008 21:20
çap versiyası
Harada doğulmağımızdan asılı olmayaraq, uşaqlıqdan Bakı hər kəs üçün əsrarəngiz bir dünya, arzularının çatdığı, xəyallarının gerçəkləşdiyi müqəddəs ünvan olub. Bakı təkcə respublikamızın paytaxtı kimi sevilməyib, həm də ürəyimizin, duyğularımızın can atdığı, həyata, cəmiyyətə müstəqil bir insan kimi yetişə bildiyimiz çox əziz şəhərdir. Şəninə qoşulan nəğmələrdə bu məhəbbət çiçək kimi ətirlənib, quş kimi qanadlanaraq dünyaya yayılıb:
Bakı, əziz şəhər, mehriban diyar,
Qoynunda boy atıb oldum bəxtiyar.
Bu səadətin təsirindən qəlbimiz həmişə riqqətə gəlib. Əlbəttə, taleyimizə yazılmış Bakı bizə doğmadan-doğmadır. Çünki ən təzə arzularımız da, sevgili övladlarımız da, fərəhləndiyimiz toy-büsatlarımız da, zirvəyə ucalan yollarımız da həyatın özü kimi Bakı ilə bağlıdır. Onun isti qoynundan pərvazlanaraq yad məmləkətlər dolaşmışıq. Üç-beş günün ayrılığından sonra bizi geriyə gətirən təyyarənin təkərləri torpağa toxunan kimi sevincimizdən nə edəcəyimizi bilməmişik.
İndi Bakı ötən əsrdə gördüyümüz şəhərlə müqayisədə çox dəyişib. Etiraf edək ki, bu dəyişmənin də görünən, görünməyən üzləri, yaxşı və pis tərəfləri var. Ötən əsrin sonlarında şəhərimiz özü boyda təlatüm dənizinə çevrildi. Xəzərin göy sularında qopan qasırğalar Bakının küçə və meydanlarında baş verən fırtınaların yanında yalan idi. İndiki Azadlıq meydanı insan selinin ağırlığından gecə-gündüz titrəyirdi. Min cür ələmin, dərdin, kədərin, atəşin, faşist xislətli, erməni əsilli sovet əsgərlərinin 1990-cı ilin 20 yanvarında şəhərin dinc və əliyalın sakinlərini güllə-barana tutaraq onları ağır hərbi maşınların tırtıllı təkərlərinin altında əzməsi bütövlükdə millətin könül yarasına, göz dağına çevrildi. Əvvəllər al qırmızı bayraqların asıldığı yerlərdə qara parçalar yelləndi. Sanki dünyanın bütün solğun və boz rənglərini şəhərin üstünə ələdilər. Bakını vahimə bürümüşdü. Qırmızı örtüklü tabutlar insan selinin çiyinlərində qanlı axan çaya bənzəyirdi. Bu çay üzüyuxarı - Dağüstiü parka tərəf üz tutmuşdu. Tale bəd gələndə hər şey tərsinə dönür. Qərənfillərin də ünvanı dəyişik düşmüşdü. Zərif varlıqları ilə igidlərin qanı tökülmüş yerlərə sərilmişdilər.
Bir-birinə bənzəyən və bənzəməyən ağır günlərdən Bakı yenidən sıyrılıb əvvəlki şux qamətini düzəltdi. Düşmən önündə əyilmək olmazdı. Amma dərdi tükənmədi.
Bakıda hələ sovet dövründə müxtəlif idarə və təşkilatlarda, zavodlarda işləyənlər, ali məktəblərdə oxuyanlar üçün yataqxanalar tikilmişdi. Ehtiyacı olan tələbələr təhsilini başa vurana, fəhlələr, ixtisaslı kadrlar da ev alana kimi müvəqqəti olaraq yataqxanalarda yaşayardılar. Təəssüf ki, indi bu yataqxanalar da əvvəlki təmayülü üzrə istifadə edilmir. Erməni quldurları tərəfindən doğma el-obasından qovulmuş soydaşlarımızın müəyyən hissəsi yataqxanalarda məskunlaşıb. Bakının bir xiffəti də elə budur. Vaxtilə şən tələbə səsləri gələn pəncərələrdən indi kədərli baxışlar boylanır. Torpağa hündür mərtəbədən baxmaq, hər səhəri ümidlə açıb axşamı qəhərlə uyumaq - kəndli üçün böyük əzabdır. Amma kim özxoşuna geniş həyət-bacasını, ev-eşiyini, məşğuliyyətini atıb birotaqlı yataqxana divarlarının arasına sığınar?! Bakı ətrafındakı sanatoriya, istirahət, yaradıcılıq evləri də illərdir ki, bu cür pəjmürdə həyatını yaşamaqdadır.
Bununla bahəm Bakının əvvəlki hüsnünə xələl gətirən məqamlardan biri də şəhər bazarlarının "filial"larının ayaq açıb həyətlərdə, küçələrdə, səkilərdə qərarlaşmasıdır. Bir vaxt (30 il öncə) şəhərin mərkəzi küçələrində, məhəllələrində səhər-səhər bu sözləri eşidərdik: "Matson" (ermənicə "qatıq" deməkdir, niyə belə çağırırdılar, bilmirəm), yaxud da "starıy veş pokupayu". İndi bu çağırışlar başqa cür əvəz olunub. Hər səhər "xlor, xlor" və yaxud da "göyərti, bibər, kartof" - deyə "ariya" oxuyanların səsinə yuxudan oyanırıq. Evdə də xəstə, uşaq, hamilə qadın ola. Hələ axşamlar tütək səsi, zurna çalan, oxuyan kim. Həyətlər az qala konsert salonuna çevrilir.
Bakının bu görüntüləri, həqiqətən, ürəksıxıcıdır. Gecələr isə ərazidəki zibillər, tör-töküntülər, kağız qırıntıları, boş qutular xoşagəlməz mənzərələr yaradır. Bir tərəfdən də həyətlərdən məişət tullantıları vaxtında daşınmadığından üfunət ətrafı bürüyür. Uzağa getməyək, Nəsimi rayonunda yerləşən istənilən həyətə baxılsa, aşıb-daşan zibillər bu işə məsuliyyətli olanların laqeydliyindən xəbər verəcəkdir.
Son illər şəhərin mərkəzi küçələri bir neçə dəfə sökülərək ona yenidən asfalt örtüyü çəkilib. Yola diqqət yetirmək, həqiqətən, çox vacib məsələdir. Amma təəssüf ki, bu yol "əməliyyatı" da bəzi məqamlarına görə uğursuz başa çatır. Artıq suların axıb getməsi üçün vacib sayılan "lük"lərin əksəriyyəti qapandığından bir balaca yağış yağan kimi şəhərin əksər küçələrində sakinlərə az qala qayıq axtarmaq lazım gəlir. Allah eləməmiş, birdən Bakıya güclü leysan düşdü, onda şəhərin vəziyyəti necə olar? Bu yol işi ilə məşğul olanlar diqqəti yalnız mərkəzi küçələrə verdiklərindən unudurlar ki, məhəllələr, evlər arasından keçən küçələrin də vəziyyəti qeyri-normaldır. Çala-çuxur, hətta bəzi "lük"lərin ağzı açıq... Gecə birdən işıq sönə (bu, tez-tez olur), sənin də yolun deyək ki, Mirəli Qaşqay, Koveroçkin, Sarabski... küçələrindən keçə. Sadəcə, Tanrı köməyin olsa, qurtulacaqsan. Şəhər nəqliyyatı da çox yarıtmaz vəziyyətdədir. Vaxtilə böyük salonlu avtobuslar sərnişinlərə xidmət göstərirdi. Bu avtobusların salonunda ya xüsusi kassalar olardı, ya da nəzarətçi vasitəsilə yol haqqı yığılardı. Heç kəs də biletsiz marşrutu tərk etməzdi. Buna ən imkansız adam da ayıb iş kimi baxardı. İndi isə "Qazel", "RAF" deyilən nəqliyyat vasitələri şəhər əhalisini daşımaq missiyasını öz öhdəsinə götürsə də, bu işi normal vəziyyətdə yerinə yetirmir. Xüsusilə də hər nəqliyyat növündə bir pulyığan olur (bu da, adətən, məktəbli uşaqlardan ibarətdir). Demək olar ki, Bakıda dayanacaq məsələsi tarixin arxivinə verilib. Yolun hansı istiqamətində əl qaldıran varsa, sürücü saxlayacaq. Hər sərnişin də öz istəyi ilə maşını saxladacaq. Həm yol hərəkəti qaydaları pozulur, həm təhlükə yaranır, həm də digər sərnişinlərin əsəbləri gərginləşir. Şəhər nəqliyyatının bir xüsusiyyəti də onun sürət məsələsi ilə bağlıdır. Bakı küçələrində "Qazel" və "RAF" sürücüləri az qala cıdır yarışına çıxırlar. Hələ bir-birlərinə göndərdikləri söyüşün rəngi bilinmir. Bəzi sürücülərin sərnişini saymaması, ağzına gələni danışması, insanlarla rəftar mədəniyyəti çox aşağıdır. Əlbəttə, paytaxtın nəqliyyatında "Qazel" və "RAF" kimi kiçik salonlu maşınlardan istifadə edilməsi çox lüzumsuzdur. Yayda istinin, qışda isə müxtəlif nəfəs yolları xəstəliyinə tuş olmağın qorxusundan bu marşrutlara minmək zindan əzabıdır. Hələ qulağının dibində qışqıran "konduktor"un kobudluğu və cır səsi də bir tərəfdən ovqatını təlx edəcək.
Bakı indi özü boyda tikinti meydanına çevrilib. Ev tikmək dədə-babadan savabdır. Heç kim belə bir xeyirxah işin əleyhinə deyil. Amma şəhərsalmada vacib sayılan bir sıra məsələlər unudulmamalıdır. Hər bir bina ucaldılanda orada yaşayacaq sakinlərin gələcək ehtiyacları mütləq nəzərə alınmalıdır. Uşaq bağçasından, məktəbdən, dükandan tutmuş digər məişət obyektlərinə kimi. Dünyada belə bir qayda da mövcuddur ki, şəhərsalmada mütləq tarixilik, qədimlik qorunmalıdır. Bakının "açıq muzey" adlandırılması təsadüfi deyildir. Paytaxtımıza bu şərəfi onun qədim binaları gətirmişdir. BƏƏ-də olarkən bizi Şarca deyilən əmirliyə aparmışdılar. Orada alçaqtavanlı (belə "bina"lara bizdə ən geridə qalmış ucqar dağ kəndində də rast gəlməzsən - F.X.) tikili göstərərək "tarixi abidədir" dedilər. Halbuki bu yerlər 30 il öncə qumluq olub. Deməyim odur ki, millət var, özünə tarix yaradır, abidə qurur, biz isə qədimliyimizin, tariximizin üstündən "uf" demədən xətt çəkirik. Ötən əsrlərdən yadigar qalmış üçmərtəbəli binalar Bakının simasıdır. Müasirlik o zaman gözəl və diqqətçəkən olur ki, qədim ənənə ilə birləşsin. ABŞ kimi bir ölkədə Nyu-York göydələnlər məkanıdır, amma Vaşinqtonda kimin ixtiyarı və hünəri çatar ki, Kapitolidən hündür ev tiksin? Qəti qadağandır. Biz də Bakının simvolu sayılan Qız qalasını, İçərişəhəri, Şirvanşahlar sarayını beləcə hifz etməliydik. Ən azı Dünya İrs siyahısına düşmüş bu bəşəri incilərin yaxınlığında tikinti aparılmamalıydı. İçərişəhərin bugünkü vəziyyətindən daha danışmağa dəyməz. Çünki dəyirman öz bildiyini etməkdədir. Bu qədim şəhərin, bu nağılabənzər dünyanın ovqatı neçə illərdir ki, təlx olub.
Vaxtilə qatarla Bakıya gələndə diqqəti şahmat taxtasına oxşayan, hündürmərtəbəli bir bina cəlb edərdi. Bu, "Qarabağ" mehmanxanası idi. İndi neçə vaxtdır onu sökürlər. Dağıtmaq çox asandır. Amma bu binanı diz çökdürməkdə çox əziyyət çəkilir. Bəlkə də günlərlə çalışıb bir otağını ancaq dağıdırlar. Məgər onu yenidən təmir edib istifadəyə vermək olmazdı? Bəlkə də bilmədiyimiz səbəblər var. Amma biz gördüyümüzü deyirik.
Bir məsələyə də münasibətimizi bildirmək istərdik. Yük maşınları, qum, daş, sement daşıyan nəqliyyat vasitələri ancaq gecələr şəhərə buraxıldığından Bakının yuxusu pozulub. Xüsusilə də göydələnlər tikilən ətrafda yerləşən binaların sakinləri əziyyət çəkirlər. Maşınların səsi, betonqarışdıran nəqliyyatın uğultusu, tikintidə qopan gurultular, fəhlələrin hay-küyü, müxtəlif qışqırtılar gecənin sükutunu elə dağıdır ki...
Bakının sevinci də var, dərdi də. Biz onun bir neçəsini dilə gətirdik. Günəşi Xəzərdən doğulan şəhərimizin mavi qoynundan çıxarılan "qara qızıl"ı Bakıdan Ceyhana, oradan da cahana nur saçır. Faktdır ki, dünyanın həm dost, həm də yağı gözləri Bakıya dikilib. Amma neyləməli ki, bəzi məmurların günahı, naşılığı, ya bəlkə də ən çox laqeydliyi ucbatından onun sakinlərinin bir qismi qışda qazdan, yayda sudan korluq çəkir. Halbuki ölkə Prezidenti cənab İlham Əliyev həm sakinlərlə görüşündə, həm də keçirdiyi müxtəlif müşavirələrdə bu fikri dönə-dönə vurğulamışdır: "Bizim vətəndaşlarımız yaxşı yaşamalıdırlar. Bəzi hallarda qəbul edilən proqramlar şüar xarakteri daşıyır. Bu, bizə lazım deyildir. Bizə lazımdır ki, konkret iş görülsün".
Paytaxt təkcə mərkəzi küçələrdən, xiyabanlardan, parklardan, yaşayış evlərindən ibarət deyil. Bir dönüb Bakının hər tərəfinə diqqətlə baxın! Bu gözəl şəhərin qədrini yetərincə bilirikmi?
Yazar: Flora Xəlilzadə
Mənbə: WWW.azerbaijan.news.az
Şərhlər(0)
112 oxunma
Bölməsiz



